top of page

Nitq və Dil Pozuntuları

Uşaqlarda nitq və dil necə inkişaf edir?

İnkişaf sürəti fərqli olsa da müəyyən mərhələlər var: 12 ayda ilk mənalı sözlər, 18 ayda ən az on söz, 24 ayda təxminən 50 söz və iki sözlü ifadələr, üç yaşda üç-dörd sözlü cümlələr gözlənilir. Üç yaşda nitqin çoxu ailədən kənar insanlar tərəfindən anlaşılır. Aydın gerilik nitq və ya dil pozuntusuna işarə edə bilər. Nitq səslərin çıxarılması, tələffüz və axıcılıq; dil isə anlama, ifadə, söz ehtiyatı və cümlə qurmaqdır.

Mümkün səbəblər

  • Eşitmə itkisi: ilk yoxlanmalı səbəb.

  • İnkişafla bağlı dil pozuntusu: intellekt və eşitmə problemi olmadan dil bacarıqlarında gerilik.

  • Autizm: nitq gecikməsi ilə sosial ünsiyyət çətinliyi.

  • Ümumi inkişaf ləngiməsi və intellektual məhdudiyyət.

  • Serebral iflic, epilepsiya və nadir Landau–Kleffner sindromu kimi epilepsiyaya bağlı dil itkisi.

  • Nitq apraksiyası: danışıq üçün hərəki planlamanın pozulması.

  • Dizartriya: əzələ zəifliyi və ya koordinasiya pozuntusuna bağlı anlaşılmaz nitq.

  • Az dil stimulu, çox ekran və az qarşılıqlı ünsiyyət gecikməni artıra bilər.

  • Seçici danışmazlıq və kəkələmə kimi axıcılıq pozuntuları.

İkidilli uşaqlar dilləri qarışdıra bilər, lakin ikidillilik nitq pozuntusu yaratmır. Hər iki dildə aydın gecikmə qiymətləndirilməlidir.

Nə vaxt gözləmək olmaz?

  • 12 ayda hecalama və jestlərin olmaması, adına cavab verməmə.

  • 18 ayda mənalı sözün olmaması və ya sadə göstərişləri anlamama.

  • 24 ayda iki sözü birləşdirməmə və ya çox məhdud söz ehtiyatı.

  • İstənilən yaşda qazanılmış nitq və sosial bacarıqların itməsi.

  • Az göz təması və sosial maraq, təkrarlanan hərəkətlər.

  • Altı aydan çox kəkələmə, ailə tarixçəsi və ya uşağın bundan narahat olması.

Qiymətləndirmə

  • Hər uşaqda ilk addım eşitmə müayinəsi, audiometriya və lazım olduqda beyin kötüyü eşitmə cavabıdır (ABR).

  • İnkişafın qiymətləndirilməsi və autizm skrininqi.

  • Nevroloji müayinə; geriləmə və yuxuda epileptik aktivlik şübhəsində EEQ, uyğun hallarda MRT və genetik testlər.

  • Nitq-dil terapevti tərəfindən standart dil və tələffüz müayinəsi.

Müalicə və dəstək

Səbəbə uyğun planlanır. Erkən nitq-dil terapiyası ən təsirli yanaşmadır; valideyn təlimi əsas hissəsidir. Göz təması ilə oyun, uşağın marağını izləyərək söhbət, birgə kitab oxuma, mahnı və cümlələri genişləndirmə inkişafı dəstəkləyir. İki yaşdan əvvəl ekran məhdudlaşdırılmalıdır. Eşitmə itkisi varsa cihaz və ya koxlear implant, epilepsiya və digər xəstəliklərdə uyğun müalicə, lazım gəldikdə alternativ ünsiyyət üsulları tətbiq edilir. Nitqi birbaşa düzəldən dərman yoxdur.

Kəkələmə

Çox vaxt 2–5 yaşda başlayır və əksəriyyətdə öz-özünə yaxşılaşır. Altı aydan uzun sürürsə, ailə tarixçəsi varsa, uşaq danışmaqdan qaçır və ya narahat olursa terapevt qiymətləndirməsi lazımdır. Erkən terapiya faydalıdır. Sözünü düzəltmək, tamamlamaq və tələsdirmək əvəzinə səbirlə dinləyin.

Nə vaxt müraciət edilməlidir?

Yaş mərhələlərindən gerilik, anlama çətinliyi və ya dil bacarıqlarının itməsi gecikmədən qiymətləndirilməlidir. Oğlanlar gec danışır deyərək gözləmək eşitmə itkisi, autizm və nevroloji problemlərin diaqnozunu gecikdirə bilər.

Bu məlumatlar ümumi maarifləndirmə üçündür. Uşağınıza fərdi qiymətləndirmə üçün müayinə vaxtı təyin edə bilərsiniz.

bottom of page